Lənkəranda WUF13 Festivalı keçirilib
Mayın 2-də ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə məlumatlandırılması məqsədi ilə Lənkəran şəhər Heydər Əliyev parkında açıq havada WUF13 Festivalı keçirilib.
Festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “WUF13 Azərbaycan” əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Ramiz İdrisoğlu, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmanullayev və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə WUF13 barədə ətraflı məlumat verilib, WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və forumda müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Proqramlar çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Qeyd edək ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində (LDU) WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji kollecin müəllim-tələbə heyəti iştirak ediblər.





