Lənkəranda “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu” mövzusunda konfrans keçirilib.
Oktyabrın 13-də Lənkəran şəhəri, Heydər Əliyev mərkəzində “Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu” mövzusunda konfrans keçirilib. Konfrans AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və konfrans iştirakçıları Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və ehtiramla anıblar. Konfrans şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə işinə başlayıb. Lənkəran ŞİH-nin başçısının müavini Mikayıl Cəfərzadə giriş nitqi ilə çıxış edib. İcra başçısının müavini bildirib ki, Vətən müharibəsindən sonra Ermənistanın, eləcə də havadarlarının ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətləri davam edir və bu istiqamətdə “erməni kartı”ndan istifadə olunur. M.Cəfərzadə qeyd edib ki, Vətən müharibəsində yüksək vətənpərvərlik və şücaət göstərən Lənkəran əhalisi bundan sonra da əzmlə dövlətin və dövlətçiliyin qorunmasına, cənab Prezident İlham Əliyevin siyasi xəttinin dəstəklənməsinə var gücü ilə çalışacaq. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli “Dünya erməniliyinin Azərbaycan Respublikasına qarşı təxribatları və böyük güclərin erməni kartından istifadə etməsi” mövzusundakı məruzəsində tarixi xronologiya ilə ermənilərin ölkəmizə qarşı apardığı təxribatlar barədə müfəssəl məlumat verib. Daha sonra müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Məruzəçilər çıxışlarında Ermənistanla informasiya mühaibəsinin davam etdiyini, döyüş meydanında qalib gələn xalq kimi bu istiqamətdə də yalnız “Dəmir Yumruq” ətrafında birləşərək eyni mövqedən çıxış etməklə zəfər qazanmağın mümkünlüyünü vurğulayıblar.