Lənkəranda Ümummilli Liderin 100 illiyinə həsr olunan konfrans keçirilib.
Fevralın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin və YAP Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri Cavanşir Paşazadə, Rüfət Quliyev, veteran YAP üzvü İbrahim Quliyev, YAP rayon təşkilatının sədri İqbal Əmənullayev və bir qrup YAP fəalı tədbirdən öncə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Dövlət himninin səslənməsindən sonra Ulu Öndərin və fevralın 6-da qardaş Türkiyə Cümhuriyyətində baş verən təbii fəlakət nəticəsində həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyev Mərkəzində baş tutan konfransda öncə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətilə bağlı videoçarx nümayiş etdirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dahi şəxsiyyətin əvəzedilməz fəaliyyəti barədə danışıb: “Dövlət müstəqilliyinin qorunub saxlanılması, müstəqil dövlət quruluşunun yaradılması, dövlət atributlarının təsis edilməsi, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması, vətəndaşların rifahının yaxşılaşdırılması 1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyinin sayəsində mümkün olub”. Natiq bildirib ki, Ulu Öndər qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi, uzaqgörən və məqsədyönülü qərarları, habelə siyasi ustalığı ilə hər zaman xalqın mənafelərini önə çəkib və ölkənin inkişafını təmin edib. Vurğulanıb ki, bir-birindən əsaslı şəkildə fərqlənən iki idarəçilik sisteminə hakim olmaq dahi şəxsiyyətin mükəmməl idarəçilik bacarığının təzahürüdür. İcra başçısı Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Lənkəran rayonunun inkişafı üçün gördüyü işlərin qısa xronologiyasını verib, Lənkəran camaatının Heydər Əliyevin siyasətinə sadiqlik nümayiş etdirdikləri, separatçı ünsürlərə qarşı qəhrəmancasına mübarizəsi barədə geniş danışıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində fəaliyyəti və YAP-ın gördüyü işlər barədə məruzə edib.
Millət vəkilləri Cavanşir Paşazadə, Rüfət Quliyev,veteran YAP üzvü İbrahim Quliyev və digərləri çıxışlarında dahi şəxsiyyətlə bağlı xatirələrini, onun dövlət və dövlətçilik, təhsil və gənclər siyasətilə bağlı fəaliyyəti barədə fikirlərini paylaşıblar.
Sonda bir qrup YAP üzvünə fəxri fərmanlar verilib və yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.