Lənkəranda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib
Cənab Prezidentin 22 sentyabr 2022-ci il Sərəncamına uyğun olaraq 2023-cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı “Heydər Əliyev İli” elan olunub. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Lənkəran rayonunda müxtəlif istiqamətlər üzrə Ümummilli Liderin həyat və fəaliyyətinə dair silsilə tədbirlər davam etdirilir. Mayın 10-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzə ilə çıxış edib. Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri üzrə geniş və əhatəli çıxış edib. Natiq qeyd edib ki, xalqımız yeni əsrə və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Onun sözlərinə görə, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Bildirilib ki, ölkəmiz Ulu Öndərin birinci siyasi hakimiyyəti dövründə onun qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Bütün sahələr üzrə statistik rəqəmləri xatırladan icra başçısı Ümummilli Liderin siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərin Azərbaycan tarixinə intibah dövrü kimi daxil olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu”.
Ümummilli Liderin müstəqillik dövründə yenidən siyasi hakimiyyətə qayıtması dövünə toxunan Taleh Qaraşov ölkəmizin inkişaf tarixində bütün istiqamətlər üzrə yeni səhifə açıldığını qeyd edib. Bildirilib ki, Ulu Öndər ölkəni bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb, andına və xalqına sadiq olub.
“Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi” deyən Taleh Qaraşov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etdiyini qeyd edib. Vurğulanıb ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Taleh Qaraşov daha sonra Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Lənkəranla bağlı gördüyü işlərdən danışıb və bildirib ki, o dövrü yerli sakinlər Lənkəranın ”Qızıl dövrü” adlandırırlar.
Məruzədən sonra Ulu Öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunan film nümayiş olunub.