Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhidlərin xatirəsinin əbədiləşdirildiyi daha bir kompleksin açılışı olub

31 may 2022 | 17:33

Mayın 31-də Osakücə kəndində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən 17 şəhidin adının əbədiləşdirilməsi məqsədilə abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyəti aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak edib. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra abidə kompleksindəki məşəl Osakücə qaziləri tərəfindən alovlandırılıb. Lənkəran ŞİH başçısı giriş nitqi ilə çıxış edərək bildirib ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirələrinə abidə komplekslərinin tikilməsi hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin diqqətindədir. Natiq qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı iftixarımız olan şəhidlərimizin əziz xatirəsinə daim hörmətlə yanaşmağa borcludur. Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışan T.Qaraşov bildirib ki, şəhidlərimizin qanı ilə əldə olunan zəfər Ali Baş Komandanın uzaqgörən siyasəti, dönməz iradəsi və qətiyyəti sayəsində mümkün olub. Prezident cənab İlham Əliyevin “Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın” fikrini xatırladan İcra başçısı dövlətin hər zaman onların qayğısında olduğunu vurğulayıb. T.Qaraşov dövlətimizin başçısının və Birinci vitse –prezident Mehriban xanım Əliyevanın sözügedən məsələyə böyük həssaslıqla yanaşdıqlarını bildirib. Daha sonra Osakücə kənd tam orta məktəb şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib, musiqi ifa olunub. Tədbirdən sonra T.Qaraşov şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib. Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini bildiriblər.

Keçidlər