Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi

01 iyun 2022 | 16:43

Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri dövlətimizin uşaqlarla bağlı yürütdüyü siyasətin ana xəttini müəyyən edir.  Ümummilli Liderin laiqli davamçısı Prezident cənab İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın uşaq hüquqlarının müdafiəsi, onların dövlət tərəfindən hərtərəfli qayğıyla əhatə olunması istiqamətində olduqca mühüm addımları danılmaz həqiqətdir. Uşaq hüquqları ilə bağlı kifayət qədər əsaslı qanunvericilik bazasının mövcudluğu deməyə əsas verir ki, dövlət başçısının ifadə etdiyi kimi “Uşaqlar cəmiyyətin sabahıdır”.  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi iyunun 1-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları üçün bayram şənliyi təşkil olunub.  Tədbirdə giriş sözü ilə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, qəhrəman ataların sevimli övladlarının sözügedən bayramı qeyd etməyə daha çox mənəvi haqqları var.  İcra başçısı qeyd edib ki, şəhid övladları qəhrəman ataya sahib olduqları üçün hər zaman başlarını dik tutaraq fəxr etməlidirlər. T.Qaraşov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid övladlarına xüsusi həssaslıqla yanaşdıqlarını və onların bütün problemlərinə xüsusi diqqət yetirdiklərini vurğulayıb. Natiq uşaqların laiqli həyat səviyyəsi və sağlam böyüməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini bildirib. İcra başçısı dövlətin hər zaman övladlarını ataları kimi milli düşüncədə və məfkurədə böyüdən,  bütün çətinliklərə sinə gərərək onların vətənpərvər ruhda boya-başa çatmaları üçün əllərindən gələnləri edən fədakar şəhid yoldaşlarının yanında olduğunu ifadə edib.  T.Qaraşov şəhid övladlarının uşaq bayramını təbrik etmək üçün analarının bank hesablarına maddi yardımların köçürüldüyünü qeyd edib.  Bayram tortunu şəhid övladlarının iştirakı ilə kəsən İcra başçısı onlarla birgə rəqs edib və sonda xatirə şəkli çəkdirib. Şəhid yoldaşları övladlarının digər uşaqlar kimi bayram gününü şən və gülərüz keçirməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.  Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onları bir an belə olsa yalnız buraxmadıqlarını, istənilən problemlərini şəxsi nəzarətlərinə götürərək həlli üçün müvafiq göstərişlər verdiklərini qeyd edən şəhidlərin həyat yoldaşları onlara qəlbən minnətdar olduqlarını, övladlarını da ataları kimi qəhrəman və vətənpərvər ruhda böyüdəcəklərini bildiriblər.

Keçidlər