Lənkəranda şəhid Nahid Səfərovun xatirəsinə inşa edilən bulağın açılışı olub
Sentyabrın 2-də Vilvan kəndində şəhid Səfərov Nahid Fikrət oğlunun xatirəsinə inşa olunan bulağın açılış mərasimi keçirilib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin anası Gülbəniz Səfərova ilə birgə xatirə bulağının açılış lentini kəsib. İcra başçısı bildirib ki, dövlətin ərazi bütövlüyü, suveren hüquqlarının bərpası, torpaqlarmızın azadlığı və müstəqilliyimiz uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi bizim üçün əzizdir və onların adlarının əbədiləşdirilməsi mənəvi borcumuzdur. Torpaqlarımızın azadlığı üçün tərəddüd etmədən canından keçən şəhidlərin dövlətin, dövlətçiliyin və xalqın həyatında gördüyü əvəzolunmaz addımlardan danışan Taleh Qaraşov qeyd edib ki, ölümün gözünə dik baxaraq çəkinmədən canlarını fəda edən şəhidlər Vətən sevgisinin ən kamil formasını yaşayan tarixi şəxsiyyətlərdir: “Dövlətin və xalqın var oluşunda, varlığını davam etdirməsində, idarə olunmasında liderlərin və şəxsiyyətlərin mövcudluğu ən vacib məqamlardandır. Tarixin sınaqlarından üzü ağ çıxmaq üçün mənəvi yükü çiyinlərinə alıb öncüllük etmək təkcə insanın alın yazısı deyil, eyni zamanda, formalaşmış şəxsiyyətinin baş verənlərə adekvat reaksiyasıdır”. Natiq bildirib ki, dövlətinin, dövlətçiliyinin, habelə xalqının təhlükədə olduğunu bilən, görən və duyan insanda şəxsiyyət tam formalaşmayıbsa, onu heç bir qüvvə dövlətinin, Ana Vətəninin bütövlüyü uğrunda mübarizəyə qoşulmağa məcbur edə bilməz. "44 günlük haqq savaşımız dünya azərbaycanlılarının yekdil səslə və düşüncə ilə Ali Baş Komandanın ətrafında birləşməsi bir toplumun fərdi şəxsiyyət fonunda milli özünüdərk etməsinin təzahürü idi" deyən Taleh Qaraşov vurğulayıb ki, qazanılan zəfərdə xalqın bütün fərdlərinin öz payı var, ancaq qalibiyyəti “Dəmir Yumruq”la topluma yaşadanlar tarixə qanları ilə adlarını yazan və tarix yazan şəxsiyyətlərdir. Onlar haqq uğrunda canlarını fəda etməklə özlərindən öncə eyni amal uğrunda şəhid olan Vətən övladlarının qisasını alıblar, övlad itirən valideynlərin təskinliyinə rəvac veriblər, xalqın bütövlüyünün və dövlətin bölünməzliyinin simvollarına çevriliblər. Bir ailənin üzvü deyil, milyonlarla insanın qəlbində özlərinə taxt qurublar. Şəhid atası Fikrət Səfərov çıxış edərək bildirib ki, “Zəfər Günü" övladının qisasının alındığı gündür. Qələbə sevincinin övladının şəhid olmasından sonra hər gün onun qisasının alınacağını gözləyən şəhid valideynlərinin ağrı və acısına məlhəm olduğunu qeyd edən şəhid atası hər zaman dövlətin qayğı və diqqəti ilə əhatə olunduqlarını, qaldırdıqları bütün məsələlərə həssas yanaşıldığını vurğulayıb. Şəhid atası bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib. Tədbir Vilvan kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şerlərin səsləndirilməsi ilə davam edib.