Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhid Məmmədzadə Qüdrətin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

10 sentyabr 2022 | 12:17

44 günlük Vətən müharibəsində harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar  ya şəhid, ya qazi olmaq amalı ilə “Dəmir Yumruq” ətrafında birləşdi. Ortaya qoyulan iradə “Zəfər”lə sonuclandı. Qalibiyyətin memarları olan şəhidlərimiz  xalqımızın hər bir fərdinin qəlbində özünəməxsus taxt qurdular. Sentyabrın 10-da Lənkəranın Sütəmurdov kəndində də şəhid Məmmədzadə Qüdrət Tofiq oğlunun onsuz keçən ikinci doğum günündə adını daşıdığı küçədə xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri qatılaraq şəhidimizə olan hörmət və ehtiramlarını ifadə ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin atası Tofiq Məmmədovla birgə xatirə bulağının açılış lentini kəsib. Dövlət himninin sədaları altında başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra giriş nitqi ilə çıxış edən Taleh Qaraşov bildirib ki, şəhidlərimiz Vətən sevginin ən kamil formasını yaşayan ali insanlardır. Natiq şəhidlərimizin haqqsızlıq üzərindən haqqa körpə salan, ədalətin bərpası uğrunda düşünmədən həyatını fəda edən, xalqın birliyinin rəmzinə çevrilən, gələcək nəsillərə Vətən sevgisinin əyani təbliğatı üçün canlı nümunələr olan və bütün dünyaya xalqımızın qüdrətli, qürurlu, qeyrətli olduğunu sübut edən tarixi şəxsiyyətlər olmasından danışıb. İcra başçısı qeyd edib ki, şəhidlərin adının əbədiləşdirilməsi, onların ailə üzvlərinin tam şəkildə dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunması cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik xüsusi nəzarətində olan məsələlərdəndir.

Şəhid atası Tofiq Məmmədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. “Təsəllimiz övladımın qalib ordunun qəhrəmanı olmasıdır” deyən T.Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını bildirib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.

Çıxışlardan sonra tədbir Sütəmurdov kənd tam orta məktəbinin şağirdlərinin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şerlərin səsləndirilməsi ilə davam edib. Daha sonra Taleh Qaraşov, icra aparatının məsul şəxsləri və kənd ictimaiyyəti  kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər.

Qeyd edək ki, Q.Məmmədzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər