Lənkəranda şəhid ailələri üçün “Yurdumuza Novruz gəlir” adlı bayram şənliyi keçirilib
Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün “Yurdumuza Novruz gəlir” adlı konsert proqramı təşkil edilib. Dövlət müstəqilliyinin əldə olunması, sərhədlərimizin müdafiəsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək Novruz bayramının xalqımızın həyatındakı yerindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
İcra başçısı bu il keçirilən Novruzun tariximizdəki özünəməxsus yeri barədə bildirib ki, ilk dəfədir ki, Azərbaycan bütöv və suverenliyini təmin etmş ərazilərimizdə Novruzu qeyd edir. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin Xankəndində Novruz tonqalını alovlandırması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Taleh Qaraşov bu ilin Lənkəranın tarixində də əlamətdar olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının rayonumuza ilin əvvəlində tarixi səfəri, Lənkəranın “Gənclər Paytaxtı” və eləcə də “Türk Dünyasının Gənclər Paytaxtı” olması, yüzlərlə insanın işlə təmin edən dövlət və özəl müəssisələrin fəaliyyətə başlaması bütövlükdə lənkəranlılara dövlət başçısı tərəfindən verilən yüksək dəyər və qiymətin nəticəsidir.
Daha sonra icra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan rayon sakinlərinə medallarını təqdim edib.
Qeyd edək ki, Novruz bayramı münasibətilə Lənkəran ŞİH şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi dəstək də göstərib.
Daha sonra Milli Qəhrəman Ələsgər Əliyevin atası Ələkbər Əliyev, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov və şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova çıxış ediblər. Şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıdan razılıqlarını ifadə ediblər. Hər zaman dövlətin onların yanında olduqlarını vurğulayan şəhid ailələrinin üzvləri buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Sonra tədbirin bədii hissəsi başlayıb. Rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim edilib.
Əziz lənkəranlılar!
Hər birinizi xalqımız üçün müqəddəs olan Novruz bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər bir ailəyə xoşbəxtlik arzulayırıq. Süfrələriniz daim bərəkətli, ruziniz bol, canınız sağlam olsun.
Novruz bayramınız mübarək olsun!