Lənkəranda “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda respublika zona konfransı keçirilib
İyunun 9-da Lənkəranda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sayca 8-ci respublika zona konfransı keçirilib. Konfrans Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarını əhatə edib. Dövlət Himninin səsləndirməsilə işinə başlayan konfransa Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva moderatorluq edib. İcraçı direktor tədbirin keçirilmə məqsədi barədə danışaraq QHT-lərlə dövlət qurumları arasında yeni mərhələnin başlandığını bildirib. A.Əliyeva qarşılıqlı münasibətlərin inkişafına zərurət olduğunu və sözügedən məsələdə yeni mexanizmlərin yaradılmasınnın və habelə nəzarət mexanizminin gücləndirlilməsinin önəminə diqqət çəkib. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mövzuyla bağlı çıxış edərək vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğundakı rolunu və ictimai iştirakçılığın demokratiyanın inkişafındakı vacibliyini vurğulayıb. Cənab Prezident İlham Əliyevin “İctimai nəzarət güclü olmalıdır” fikrini xatırladan natiq bildirib ki, dövlətimizin başçısı bununla vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsinə, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə və onlar arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilinə, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına diqqəti çəkir. İcra başçısı dövlət qurumlarının ictimai nəzarətin mövcud olmasında maraqlı olduğunu nəzəri və praktiki əsaslarla izah edərək bir sıra sahələrdə mövcud olan neqativ halların qarşısının alınmasında ictimai nəzarətin rolununun vacibliyini vurğulayıb. Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışını QHT-lərin yaranma tarixi, onların inkişaf yolu və mövcud vəziyyətləri istiqamətində qurub. Sektor müdiri dövlət başçısının çıxışlarında ictimai nəzarətlə bağlı mütəmadi səsləndirdiyi fikirlərinə toxunaraq bildirib ki, ali rəhbərlik dövlətlə QHT-lərin əməkdaşlığına və bütövlükdə dövlət qurumlarına ictimai nəzarətin real təcrübədə varlığına xüsusi önəm verir. Yeni dövrün tələbinə uyğun olaraq QHT-lərin, ictimai fəalların və eləcə də cəmiyyətdə nüfuz sahibi olan insanların ictimai şuralarda təmsil olunmasının əhəmiyyətindən danışan V.Quliyev bildirib ki, dövlət idarəçiliyində, eləcə də digər sahələrdə nəzarət mexanizminin olması ortaya qoyulan işin daha əhatəli və keyfiyyətli olmasına kömək edir.
Digər məruzəçilər Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov da çıxışlarında zona toplantısının önəminə diqqət çəkiblər, hər iki natiq yerlərdə ictimai nəzarətin önəmindən danışıblar.
Daha sonra konfrans qarşılıqlı diskusiya və fikir mübadiləsi şəklində davam edib.