Lənkəranda “Polis Günü” qeyd olunub
İyulun 2-də “Polis Günü” ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov rəhbərlik etdiyi şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətində uğurlar və can sağlığı arzulayıb. Bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirməyə tam qadirdir.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov polisin keçdiyi şərəfli tarixi yol barədə danışıb. Bildirilib ki, polis orqanı yarandığı ilk gündən bu günədək bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərib. “Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir” deyən icra başçısı qeyd edib ki, sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti ölkədə bu sabitliyi yarada bildi və bu gün ölkəmiz dünya miqyasında ən sabit ölkələrdəndir. Taleh Qaraşov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin böyük təcrübəyə sahib olduğunu, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərə önəm verdiklərini, məhz bu kimi peşəkar fəaliyyəti ilə rayon ərazisində təşkil olunan beynəlxalq səviyyəli və ölkə miqyaslı tədbirlərin tam təhlükəsiz həyata keçirilməsinə nail olunduğunu vurğulayıb.
Polisin yaranmasının 106-cı illiyi ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərargah rəisi Ceyhun Minayev, Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Məmmədov, Vətən müharibəsi iştirakçısı, polis nəfəri Əkbər Əkbərli çıxış ediblər, sonra videorolik nümayiş etdirilib.
Sonda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvünə daxili işlər naziri Vilayət Eyvazovun, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun sərəncamları ilə fəxri fərmanlar, təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin kollektivi olaraq daxili işlər orqanlarının əməkdaşlarını təbrik edirik, onlara can sağlığı və xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq.