Lənkəranda payız-qış mövsümünə hazırlıqla bağlı abadlıq işləri davam etdirilir
Lənkəran Şəhər icra Hakimiyyətinin İş Planına uyğun olaraq payız-qış mövsümünə hazırlıqla bağlı şəhər ərazisində kompleks şəkildə abadlıq işlərinə başlanılıb. Ağac diblərinin yumşaldılması, gövdələrinin əhənglə ağardılması, yolboyu hasarların rənglənməsi, deformasiyaya uğrayan üzlüklərin və səki daşlarının yeniləri ilə əvəzlənməsi, suötürücü kollektorların təmizlənməsi və ötürücülük qabiliyyətinin texniki baxımdan artırılması istiqamətində işlər 10 gündən artıq müddətdir ki, davam etdirilir. Ərazidə aidiyyəti xidmət idarələrinin əməkdaşlarının iştirakı ilə və ağır texnikalar vasitəsilə qazma işləri aparılır, kollektora birləşən suötürücü kanallar təmizlənir və həcmi genişləndirilir. Hazırda şəhərin Heydər Əliyev prospekti, Kələntərlilər, Nizami, Üzeyir Hacıbəyov, Sabir, 20 Yanvar, Füzuli, Hacılar, Səttərxan, Mirmustafaxan, Koroğu, Bazar ətrafı, Paşa Təhməzov, Etibar Əliyev, Soltanaga Bayramov, Kamil Kazımov, Firdovsi, Səməd Vurğun, Şəkər Aslan, Rövşən Bayramov, M.B.Axund, M.M.Axund və Vaqif Məmmədov küçələrində sözügedən istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, konkret qrafik üzrə aparılan işlər bütün şəhər ərazisini əhatə edəcək və yaxın müddətdə digər ərazilərdə də işlərin aparılaraq yekunlaşdırılması nəzərdə tutulur.
Lənkəran sakinlərindən və eləcə də şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhər ərazisinin və bütövlükdə rayonumuzun təmizlik, səliqə-səhmanına xüsusi diqqətlə yanaşsınlar, məişət tullantılarını və zibilləri ayrılmış zibil qutularına atsınlar, öncədən elan olunan qrafikə uyğun olaraq zibilləri zibil maşınları tərəfindən götürülməsi üçün nəzərdə tutulmuş yerlərə qoysunlar.
Əziz lənkəranlılar! Şəhərimizi birlikdə təmiz saxlayaq, zibili küçəyə deyil, zibil qutularına ataq, yaşıl guşələrimizi qoruyaq, tullantıları çeşidləyək və övladlarımıza təmiz mühit miras qoyaq. Unutmayaq ki, təmiz şəhər – sağlam gələcəkdir!





