Lənkəranda Novruz Festivalı keçirilib
Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran Regional Asan Xidmət Mərkəzininbirgə təşkilatçılığı ilə “Asançıların Novruz Festivalı” keçirilib. Lənkəran Regional Asan Xidmət Mərkəzinin həyətindəbaş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Xidmətinin sədri Ülvi Mehdiyev, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, respublika üzrə Asan Xidmət mərkəzlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dövlət Xidmətinin sədri və Lənkəran ŞİH başçısı öncə bayram tonqalını birgə yandırıblar, qonaqlar Lənkəran rayonun mədəniyyətini, tarixini, adət-ənənələrini özündə əks etdirən sərgiyə baxış keçiriblər. Yerli mədəniyyət klublarının hazırladıqları milli rəqslərimizi, folklor nümunələrini, məktəbli uşaqların hazırladıqları idman nömrələrini izləyiblər. Tədbirdə Lənkəran rayonunda istehsal olunan kənd təsərrüfatı və yüngül sənaye məhsullarından ibarət ayrıca stend də nümayiş olunub.
Qeyd edək ki, tədbirdə 27 Asan Xidmət Mərkəzinin yerləşdiyi rayonların yerli mədəniyyət, kulinariya və folklor nümunələrindən ibarət sərgi də təşkil olunub. Daha sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov “Asan Radio”ya müsahibə verib.
Festivalın rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Xidmətinin sədri Ülvi Mehdiyev çıxış edərək Novruz bayramının tarixi barədə danışıb, onun uzun illər keçirilməsinə olan qadağalardan bəhs edib, eyni zamanda bildirib ki, milli bayramımızın açıq və heç bir qadağa olmadan qeyd olunması məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun sözlərinə görə, artıq ənənə halını alan “Asançıların Novruz Festivalı” da məhz milli mədəniyyətimizi, dəyərlərimizi təbliğ etmək məqsədini qarşıya qoyub və hər il bir rayonda keçirilir.
Bu il keçirilən Novruz bayramının əvvəlki illərdən fərqləndirən xüsusiyyətləri barədə danışan Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, ilk dəfədir ki, separatizmə son qoyulan, suverenliyi tam bərpa olunan, müstəqil və qalib dövlət kimi milli bayramımızı bütöv Azərbaycan ərazisində qeyd edir.
Daha sonra natiq bu ilin lənkəranlılar üçün əlamətdar və daha uğurlu başladığını, eyni templə də davam etdiyini vurğulayıb. İcra başçısı bildirib ki, Lənkəran Regional Asan Xidmət Mərkəzi dövlət başçısı cənab İlham Əliyevin bu ilin əvvəlində Lənkəran rayonuna etdiyi tarixi səfər zamanı istifadəyə verilib. Onun sözlərinə görə, Lənkəran 2024-cü ili ölkəmizin “Gənclər Paytaxtı” və eləcə də “Türk Dünyasının Gənclər Paytaxtı” kimi qeyd edir. Bütün bunların cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın lənkəranlılara göstərdikləri diqqət və qayğının nəticəsində mümkün olduğunu vurğulayıb.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertda tanınmış ifaçılar Aytən Məmmədova və tələbələri, Aydın Sani, Yaşar Yusub, Xəyalə Qafarzadə, “Nənələr” Folklor Qrupu iştirak ediblər.