Lənkəranda “Narkotik vasitələrin suni istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində maarifləndirici tədbir keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə 26 iyun – “Narkotik vasitələrin suni istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH-inin Hüquq və kadr məsələləri sektorunun müdiri Rafiq Quliyev, Lənkəran Rayonlararası Narkoloji Xəstəxananın baş həkimi Vüsal Bəşirzadə, Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Murad Hümbətov, ictimai təşkilatların nümayəndələri iştirak edib. Bildirilib ki, narkotik vasitələr təkcə fərdi sağlamlığı deyil, bütövlükdə cəmiyyətin genefondunu, ailə institutunu və dövlətin gələcəyini məhv edən ciddi təhdiddir. Ölkəmizdər dövlət səviyyəsində narkomanlığa qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı qətiyyətli tədbirlər görülür, ancaq əsas hədəf təkcə mübarizə aparmaq deyil, bu təhlükənin kökünü kəsməkdir, bunun üçün isə maarifləndirmə ən profilaktika ən mühüm vasitələrdəndir. Natiqlər qeyd ediblər ki, narkomaniya ilə mübarizə təkcə hüquq-mühafizə orqanlarının vəzifəsi deyil, bu, ictimaiyyətin, təhsil müəssisələrinin, valideynlərin və hər bir fərdin birgə məsuliyyətidir.





