Lənkəranda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusundakı üç günlük regional konfrans yekunlaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans iyulun 14-də davam etdirilib. Konfransın sonuncu günündə DQİDK sədrinin müavini Səyavuş Heydərov, millət vəkili Rüfət Quliyev, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, Bakı şəhəri “Mixail Arxangil” kilsəsinin keşişi Andrey Bezotosniy, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun mətbuat katibi Toral Ağayev, Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli də tədbirdə iştirak ediblər. Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində kitab və rəsm sərgisi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovəsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət və din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin xalqımızın çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri barədə danışan natiq sözügedən siyasi xəttin bu gün onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiridiyini vurğulayıb. Dini məkanların inşası, bərpa və yenidən qurulması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun roluna toxunan Taleh Qaraşov bildirib ki, bütün bunlar onun milli-mənəvi dəyərlərimizə olan həssas yanaşmasından irəli gəlir.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında dövlətin din sahəsində qarşıda duran prioritetlərinə toxunaraq bildirib ki, dini azadlıq və dinin təhlükəsizliyi məsələsi diqqət yetirilməsi vacib məsələlərdəndir. Ölkəmizdə vicdan azadlığının yüksək səviyyədə təmin edildiyini vurğulayan sədr müavini müxtəlif dini icmaların nümayəndələrinin birgə regional tədbirdə iştirak etməsini nümunə olaraq göstərib. Onun sözlərinə görə, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
Daha sonra çıxış edən dini icmaların rəhbər və nümayəndələri bildiriblər ki, onlar rahat və maneəsiz şəkildə dini etiqadlarını icra edə bilirlər və ölkəmizdə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilir, Azərbaycan tolerant və multikultural dövlət kimi dünyada nümunə təşkil edir.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.