Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda  “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üç günlük regional konfrans başlayıb

12 iyul 2023 | 17:37

  İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində kitab sərgisi ilə tanış olublar.

  DQİDK sədrinin birinci müavini Səyyad Salahlının, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, dini icma üzvlərinin, din xadimlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” adlı sənədli film nümayiş olunub.

  Açılış nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası, habelə dini maarifləndirmə istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. ŞİH-nin başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət və din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq özünün ən yüksək səviyyəsində olduğunu ifadə edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə dini məkanların inşasına, bərpa və yenidən qurulmasına da xüsusi həssaslıqla yanaşıldığını qeyd edən natiq bu işdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan danışıb. Onun sözlərinə görə, dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.

 Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dinin siyasiləşdirilməsinin yolverilməzliyindən danışaraq bildirib ki, bir sıra qüvvələr dindən siyasi məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Səyyad Salahlı qeyd edib ki, xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.

 YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev çıxışlarında bildiriblər ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimad ən yüksək səviyyədədir.

  Qeyd edək ki, konfrans işini 12-14 iyul tarixlərində davam etdirəcəkdir.

Keçidlər