Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub
1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi fonunda xalqın çağırışı ilə Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə sabitliyin və dövlətçiliyin bərpasında mühüm rol oynadı.15 iyun tarixi Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi hesab edilən Milli Qurtuluş Günü kimi hər il qeyd olunur.Milli Qurtuluş Günü, Azərbaycan xalqının müstəqilliyini qorumaq və dövlətçiliyini gücləndirmək yolunda atdığı qətiyyətli addımın simvoludur. Bu gün, xalqın iradəsi və liderin qətiyyəti nəticəsində ölkənin parçalanmadan xilas olduğu gündür.
Lənkəranda da hər il olduğu kimi bu il də Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub.Səhər saatlarından başlayaraq Ümummilli Liderin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılmış abidəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə geniş ictimaiyyət tərəfindən ziyarət edilib.
Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı rayonun təhsil, mədəniyyət, gənclər, səhiyyə və digər müəssisələrində silsilə tədbirlər keçirilib və gün ərzində Ulu Öndərin abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.