Lənkəranda kyokuşin karate üzrə II açıq zona turniri keçirilib
Lənkəranda 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan fullkontakt kyokuşin karate üzrə uşaq, yeniyetmə və gənclər arasında II açıq zona turniri keçirilib. “Lənkəran” idman klubunun təşkilatçılığı ilə keçirilən turnirdə 80 nəfərdən çox idmançı iştirak edib. İlk üç yeri tutan idmançılara kubok, diplom və medallar təqdim olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov karatenin inkişafına göstərdiyi yüksək xidmətə görə Azərbaycan Karate Federasiyasının və Azərbaycan Kyokşinkay Karate Federasiyasının Fəxri Diplomuyla təltif olunub.
Fəxri Diplomu icra başçısına “Lənkəran” idman klubunun təsisçisi, Vətən müharibəsi əlili Vəliəhəd Vəliyev təqdim edib.
Taleh Qaraşov dövlətin hər zaman idmana və idmançılarımıza xüsusi diqqət göstərdiyini vurğulayıb, idmançılarımızın qayğı və problemləri ilə maraqlanıb. İcra başçısı Ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.





