Lənkəranda "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə cəmiyyətin əsasıdır” adlı tədbir keçirilib
16 may 2025 | 10:54
Mayın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Lənkəran şəhər, Heydər Əliyev Mərkəzində “Ailə cəmiyyətin əsasıdır” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra ailə dəyərlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Lənkəran ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Cənab Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” fikri xatırlanıb. Qeyd olunub ki, ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, habelə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Tədbirin sonunda Lənkəran şəhər 9 və 16 saylı körpələr evi-uşaq bağçalarının ifasında rəqs nömrələri nümayiş olunub, gənc və uzunömürlü ailələrə hədiyyələr təqdim edilib.