Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib
Noyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrə baxış keçirilməsində məqsəd zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini yoxlamaq, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatları dəqiqləşdirmək və mövcud vəziyyətlə yerindəcə tanış olmaq olub.
Qeyd edək ki, ölkədə kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində Lənkəran rayonunda aqrar sektorun modernləşdirilməsi, idxalın əvəzlənməsi və ixrac potensialının artırılması istiqamətində ötən müddətdə genişmiqyaslı işlər həyata keçirilib.
Keçirilən baxış çərçivəsində rayonun ənənəvi təsərrüfat sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış müəssisələrin, eləcə də aqrar məhsulların emalı zavodlarının mövcud vəziyyəti ətraflı təhlil edilib. Son illərdə Lənkəranda çay plantasiyalarının və sitrus bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişləndirilmiş, yerli istehsal olan çəltik növlərinin məhsuldarlığının artırılması üçün mütərəqqi suvarma sistemləri tətbiq olunmağa başlamışdır. Qeyd edək ki, bu sahələrin paralel və səmərəli inkişafı rayonda həm yeni iş yerlərinin açılmasına, həm də Lənkəranın aqrar brendlərinin ölkə hüdudlarından kənarda daha geniş tanıdılmasına güclü təkan verir.
Görüş zamanı rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin qarşılaşdıqları qayğılar dinlənilib, qaldırılan məsələlərin operativ şəkildə həlli və fermerlərə lazımi dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı nəzərlərə çatdırılıb.
Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən lənkəranlı fermer və sahibkarlar yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar Dövlət Proqramının icrasına yaxından dəstək verəcəklərini, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması və aqrar sahənin daha da inkişafı üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.





