Lənkəranda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda zona təlimi keçirilib
Sentyabrın 8-də Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün zona təlimi keçirilib. Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı rayonlarından nümayəndələrin iştirak etdiyi tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. İcra başçısı ictimai iştirakçılığın önəmindən danışaraq bildirib ki, dövlət idarəetməsi hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir. “Buna uyğun olaraq tələbat və fəaliyyət formalarının uzlaşdırılması günün tələbidir” deyən Taleh Qaraşov qeyd edib ki, Vətən müharibəsindəki qələbədən sonra ölkədə formalaşan yeni ictimai-siyasi mühit, “Dəmir Yumruq” ətrafında xalqın vahid şəkildə birliyi, regional, o cümlədən beynəlxalq müstəvidə Azərbaycan dövlətinin gücünün daha da artması, sosial dövlət quruculuğunun sürətli şəkildə həyata keçirilməsi və ən nəhayət, cənab Prezident İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-dövlət arasındakı münasibətlərə yeni yanaşmanın zərurətini ortaya qoyub. Dövlət başçısının “İctimai nəzarət güclü olmalıdır” fikrini xatırladan natiq bildirib ki, dövlətimizin başçısı bununla vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsinə, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə və onlar arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilinə, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına diqqəti çəkir: “Bizlər də ölkə başçısının göstəriş və tövsiyələrini rəhbər tutaraq vətəndaşların tələbatının ödənilməsi, vətəndaş məmnuniyyətinin təmin edilməsi, vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılması istiqamətində məşvərətçi qurum kimi ictimai şuraların yaradılmasına böyük önəm veririk, onların ictimai nəzarət funksiyasını həyata keçirməsi istiqamətində bütün lazımi şəraiti yaratmaqda maraqlıyıq”. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı bildirib ki, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq ictimai iştirakçılıqla bağlı təlimlərə başlanılıb. Onun sözlərinə görə, bütün rayonları əhatə edəcək proqramda 859 nəfər iştirakçının təlimlərə qatılması nəzərdə tutulub. E.Çaparlı ictimai iştirakçılığın aktual mövzu olmasından və regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsinin önəmindən danışıb. Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB-nin sədri, hüquqşünas Mirəli Hüseynov ictimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, onların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, reqlamenti, fəaliyyətinin təşkili, dövlət orqanlarının formalaşması mövzularında təlimlər keçiblər. Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.