Lənkəranda Heydər Əliyevin 100 illik yubileyilə bağlı elmi konfrans keçirilib
Aprelin 29-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı elmi konfrans keçirilib. “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzularında keçirilən tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının rəhbərliyi, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. Natiq bildirib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığının, milli dövlәtçilik məfkurəsinə sadiqliyinin canlı təcəssümü olub. Onun sözlərinə görə, Heydər Əliyev bütöv xalqın taleyini yaşayıb, xalqın milli qüruruna, iftixarına və dünyada qəbul olunan rəmzinə çevrilib. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə ölkə ictimaiyyətini ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Taleh Qaraşov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982 illərdəki dövrü ölkəmizin intibah dövrü olaraq səciyyələndirib. İcra başçısı Ümummilli Liderin siyasi hakimiyyətdə olduğu dövrdə Lənkəran rayonunun taleyində də dönüş nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, məhz Heydər Əliyevin qayğısı nəticəsində Sovet İttifaqının 900-dən çox şəhərinə Lənkəran rayonunda yetişdirilən tərəvəz və sitrus meyvələri ixrac edilib. Ümumrespublika üzrə tərəvəz istehsalının 30 faizi məhz Lənkəranın payına düşüb. Taleh Qaraşov qeyd eidb ki, lənkəranlılar Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü Lənkəranın “Qızıl dövrü” adlandırırlar.
İcra başçısı qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti lənkəranlılar üçün sözün həqiqi mənasında əziz və doğmadır, onlar dahi şəxsiyyətə, onun siyasi kursuna hər zaman sədaqət nümayiş etdiriblər, bütün çağırışlarına səs veriblər: “Bu torpağın insanları vahid, bütöv Azərbaycan uğrunda hər zaman ön sıralarda olublar, tarixin bütün mərhələlərində konkret mövqe ortaya qoyublar, hakimiyyətlə birlik nümayiş etdiriblər”.
Daha sonra konkret mövzular üzrə çıxışlar başlayıb. Lənkəran Dövlət Universitetinin (LDU) kafedra müdiri, dossent Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan intibahının banisidir”, LDU-nun dekan müavini, dossent Müşfiq Bayramov “Heydər Əliyevin tarixi-mədəniyyət abidələrimizin qorunmasında rolu”, Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”, Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında geniş çıxış ediblər. Bildirilib ki, Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasındakı üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Vurğulanıb ki, demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşan müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsasını təşkil edib.