Lənkəranda “Heydər Əliyev və gender siyasəti” mövzusunda tədbir keçirilib
Aprelin 17-də “Heydər Əliyev İli” çərçivəsində Lənkəranda “Heydər Əliyev və gender siyasəti” mövzusunda tədbir keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Vəkillər Kollegiyasının “Qadın Vəkillər Alyansı”nın birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Emin Quliyev açıb. Şöbə müdiri bildirib ki, gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquq və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi xüsusi əhəmiyyətə malikdir. E.Quliyevin sözlərinə görə, gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəalllığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyənləşdirilib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib.
Qadın Vəkillər Alyansının sədri, vəkil Dilarə Əfrasiyabova vurğulayıb ki, Ümummilli Liderin müəllifi olduğu Konstitusiyada qadın və kişilərin eyni hüquqlara malik olduğu qeyd olunub. Alyans sədrinin sözlərinə görə, qadın və kişilərin eyni hüquqlara malik olması ictimai-siyasi həyatın bütün sferalarında qadınların mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.
Daha sonra çıxış edən tanınmış qadın vəkillər Şəfiqə Nağıyeva, Elmira İsmayılova, Gülşən Salmanova və Leyla Məmmədova və digərləri Ulu Öndərin gender siyasəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Heydər Əliyevin sovetlər birliyi dönəmində də ölkəyə rəhbərlik etdiyi dövrdə gender bərabərliyi, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılması, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunması şəxsi nəzarətində olub. Bununla yanaşı, üzərinə düşən vəzifələri laiqincə və müvəffəqiyyətlə yerinə yetirən, ölkənin inkişafına töhfə verən qadınların mükafatlandırılması və müxtəlif adlarla təltif olunması diqqət mərkəzində saxlanılıb. Gender bərabərliyinin qorunması, qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması, eləcə də peşə fəaliyyətlərində fərqlənən qadınların mükafatlandırılması bu gün ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.