Lənkəranda "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirilib
Avqustun 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illlik yubileyi çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin (LDU) professoru Kamran Kazımov, filologiya üzrə fəlsəfə doktorları Elman Mirzəyev və Qədim Rufullayev çıxış ediblər.
Bildirilib ki, sovet ittifaqı dövründə bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman qətiyyətlə qoruyub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider istər 1978-ci il, istərsə də 1995-ci il konstitusiyalarında Azərbaycan dilinin dövlət dili kimi ali qanunda əks olunmasına nail olub. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfədir. Natiqlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Ulu Öndərin dövlət dili siyasətinin uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər ana dilimizin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlib.