Lənkəranda “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib
İyunun 25-də Lənkəran rayonu Haftoni qəsəbə tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Dövlət Universitetinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Heydər Əliyev İli” çərçivəsində təşkil edilib.
Tədbir iştirakçıları öncə qəsəbə məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa olunan abidəni ziyarət ediblər. Daha sonra şagirdlər təntənəli hərbi marş ifa ediblər. Konfrans Ulu Öndərin və şəhidlərmizin xatirəsnin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev çıxış edərək bildirib ki, dövlət idarəçiliyi sistemində elə bir sahə yoxdur ki, Ulu Öndərin orada xidməti olmamış olsun. Onun sözlərinə görə, Ümummilli Liderin ordu quruculuğundakı fəaliyyətini iki dövr üzrə, lakin bir-biri ilə vəhdət şəklində gözdən keçirmək lazımdır. Hüquq şöbəsinin müdiri qeyd edib ki, Ulu Öndər sovet hakimiyyəti dövründə Azərbaycanın milli ordu quruculuğunun bazasının təşkil edib.”Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunması ordu quruculuğu istiqamətində uzaq perspektivə hesablanmış strateji addım idi” deyən Emin Quliyev yaxın hədəf kimi Ümummilli Liderin o vaxtkı İttifaqın ali hərbi məktəblərində azərbaycanlıların hərbi təhsil alması işinə ayrıca önəm verdiyini vurğulayıb.
Ulu Öndərin “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” fikrini xatırladan şöbə müdiri dahi şəxsiyyətin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ordumuzun döyüş qabiliyyətinin, silah-sursatla təminatının və şəxsi heyətin mənəvi-psixoloji səviyyəsinin yaxşılaşdırılmasına nail olunduğunu qeyd edib.
Natiq Azərbaycan Silahlı Qüvvələrinin bu gün qarşıya qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik NATO standartlarına cavab verən səviyyədə olduğunu ifadə edib. Onun sözlərinə görə, vahid komandanlığa tabe, müasir hərb elminin tələblərini özündə ehtiva edən ordumuz Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.
Daha sonra Haftoni qəsəbə tam orta məktəbinin müəllimi Arzuman Tağıyev, Lənkəran şəhər 10 saylı tam orta məktəbin tərbiyəvi işlər üzrə direktor müavini, ehtiyatda olan polkovnik-leytenant Emin Quliyev və Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxış ediblər. Bildirilib ki, Ümummilli Lider bütün fəaliyyəti dövründə atdığı addımları öncədən hesablayan və nəticələrini görən dövlət xadimi olub. O, bütün addımlarını ardıcıl, məntiqli, zamanın tələblərinə uyğun və tam şəkildə atıb. Uzaqgörən siyasi strateq, dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə nail olunub. Məhz əsası Ulu Öndər tərəfindən qoyulan müasir Azərbaycan ordusu öz qüdrətini 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut edib və əgər bu gün xalqımız başıdik, qürurlu və qalib kimi yaşayırsa, bunu Müzəffər ordumuza borcluyuq.
Tədbirin sonunda Haftoni qəsəbə tam orta məktəblilərinin ifasında ordumuza həsr olunan şerlər səsləndirilib və musiqi ifa olunub.