Lənkəranda “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib
Fevralın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəranda ilk Gənclər Forumunun keçirilməsinin 30 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum təşkil edilib.
Tədbirdə Lənkəran ŞİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, Ağsaqqallar Şurasının Lənkəran şöbəsinin sədr müavini Güloğlan Bağırov və digərləri çıxış ediblər.
Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi hər bir dövlətin milli prioritet istiqamətlərindən sayılır. Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynayıb, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olub. Dövlət müstəqilliyinin əldə edilməsində, Sovet imperiyasına qarşı azadlıq mübarizəsində, Qarabağın işğaldan azad olunmasında ön sıralarında məhz gənclərimiz gediblər.
Gənclər siyasətinin həyata keçirilməsində dövlətin göstərdiyi qayğı, diqqət və xüsusi yanaşmaya gənclərimiz də fəaliyyətləri, konkret hadisələrə qarşı tutduqları mövqeləri ilə adekvat yanaşma ortaya qoyurlar. Bu istiqamətdə lənkəranlı gənclər də tərəddüd etmədən hər zaman ön sıralardadırlar.





