Lənkəranda əhalinin ən çox üz tutduğu çimərlik ərazilər təmizlənib və ara yollar cari təmir edilib
Yay mövsümünün gəlişi, xüsusilə son zamanlar normadan artıq istilərin müşahidə olunması ölkədə daxili turizm sektorunda canlanma ilə müşahidə olunur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) yerli sakinlərin, eləcə də rayonumuza gələn qonaqların istirahətinin daha yaxşı təşkil olunmasından ötrü gündəlik fəaliyyətini davam etdirir. Bu məqsədlə iyulun 22-23-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə yerli sakinlərin və turistlərin ən çox üz tutduğu ərazilərdən olan Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən sahil zolağında dənizin ətraf mühitin çirklənməsindən qorunması, bioloji ehtiyatlarının mühafizəsi və bərpası, habelə sakinlərimizin, rayonumuzun qonaqlarının daha rahat istirahəti məqsədilə iməclik təşkil olunub. Aksiyada şəhər İcra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşları iştirak ediblər.





