Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Hər il 23 iyun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və İcra hakimiyyəti aparatının dövlət qulluqçuları öncə Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Taleh Qaraşov dövlət qulluqçularının peşə bayramı günü münasibətilə bağlı İcra aparatının işçiləri ilə görüş keçirib. İcra başçısı dövlət qulluqçularının xalqın xidmətçisi, hər zaman dövlətin və dövlətçiliyin yanında olduğunu bildirib. T.Qaraşov ölkə başçısı cənab İlham Əliyevin dövlətə sədaqəti ilə seçilən, fəaliyyətində qanunçuluğu, şəffaflığı əsas tutan bütün dövlət qulluqçularını diqqət mərkəzində saxladığını və hər il bir çox dövlət qulluqçusunu peşəkar fəaliyyətlərinə görə müxtəlif dərəcəli medal və ordenlərlə təltif etdiyini vurğulayıb. Cənab Prezidentin bu il Lənkəran rayonundan da bir nəfər dövlət qulluqçusunu təltif etdiyini qeyd edən İcra başçısı bildirib ki, bu, dövlət qulluqçularının peşə fəaliyyətinə verilən ən yüksək dəyərdir.