Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
23 iyun dövlət qulluqçularının peşə bayramı Lənkəranda qeyd edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti aparatının dövlət qulluqçuları öncə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Taleh Qaraşov dövlət qulluqçularının peşə bayramı günü münasibəti icra aparatının kollektivi ilə görüş keçirib. Peşə bayramı münasibəti ilə dövlət qulluqçularını təbrik edən icra başçısı bildirib ki, dövlət qulluğu xalqına və dövlətinə xidmətin forması kimi müqəddəs və şərəfli sahələrdəndir. Cənab Prezident İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” fikrini xatırladan Taleh Qaraşov qeyd edib ki, hər bir dövlət qulluqçusu tutduğu vəzifənin məsuliyyətini dərk etməli, dövlət qulluğunun xalqa xidmət mənası ifadə etdiyini unutmamalıdır. İcra başçısı dövlət qulluğu sahəsində aparılan islahatlar və dövlətin bu sahəyə göstərdiyi xüsusi yanaşma barədə də danışıb. Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman dövlət qulluqçularının peşə hazırlığını, yeni texniki imkanlardan istifadə etmək bacarığının təkmilləşdirilməsini, onların sosial qayğılarının həll olunmasını diqqətdə saxlayırlar.