Lənkəranda Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və növbəti hədəflər nəzərdən keçirilib
Sentyabrın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Məmmədov kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə rayonun 17 iri fermer təsərrüfatına baş çəkiblər. Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən lənkəranlı fermer və sahibkarlar, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək, aqrar sahənin inkişafı naminə bundan sonra da var qüvvə ilə çalışacaqlarını bildiriblər.
Sentyabrın 9-da isə Lənkəran ŞİH-nin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatları dəqiqləşdirmək olub.
Giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq, ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Taleh Qaraşov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Lənkəran rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.
Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. Dəyanət Abdullayev vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqin sözlərinə görə, bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Lənkəran rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.
Daha sonra çıxış edən fermer və sahibkarlar Dövlət Proqramının icrası ilə bağlı növbəti dövr üçün hədəflərini açıqlayıb, qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Lənkəranlı fermer və sahibkarlar Dövlət Proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb.





