Lənkəranda daha bir şəhidin adına bulaq açılışı olub
Lənkəranda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Mayın 28-də Lənkəran rayonunun Bəliton kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yusubov Ayaz Şirəli oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış tədbirində şəhidin ailə üzvləri, lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə, İcra hakimiyyəti aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak edib.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə açaraq bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın qisası alınıb. “Artıq ölkəmizin azadlığı uğrunda şəhid olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhları şaddır” deyən M.Cəfərzadə qeyd edib ki, Zəfərin qazanılması Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində mümkün olub. İcra başçısının müavini şəhid A.Yusubovun anasının xəstəliyi səbəbindən oğlunun xatirəsinə həsr olunan tədbirdə iştirak edə bilmədiyini nəzərə alaraq ona evində baş çəkib, qayğıları ilə maraqlanıb. Şəhid anası dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətini hər zaman hiss etdiyini və buna görə onlara dərin minnətdarlığını bildirib.