Lənkəranda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrasına həsr olunan tədbir keçirlib
İyunun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025 tarixli 637 nömrəli Sərəncamının icrası çərçivəsində tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH-nin başçısının müavini Emin Quliyev, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Nahid Nağdıyev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin sədri Oqtayİbayev icra hakimiyyəti başçının yerli inzibati ərazi dairələri üzrə nümayəndələri, sahibkarlar, həbsdən azad olunan özünüməşğulluq proqramına cəlb olunan, habelə hazırda işsiz olan şəxslər iştirak ediblər.
Sosial reinteqrasiyanın təşviqi, peşə təhsilinin əhəmiyyətinin artırılması, məşğulluğun dəstəklənməsi və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi məqsədilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Lənkəran ŞİH-nin başçısının müavini Emin Quliyev çıxış edib. İcra başçısının müavini bildirib ki, bu gün cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası və məşğulluğunun təmin edilməsidir. Onun sözlərinə görə, bu şəxslərin yenidən cəmiyyətə inteqrasiyası, əmək fəaliyyətinə cəlb olunması və layiqli həyat şəraitinin yaradılması həm sosial sabitliyin möhkəmləndirilməsi, həm də təkrar cinayətlərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır.
E.Quliyev həbsdən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsinin yalnız sosial müdafiə tədbiri deyil, həm də təhlükəsiz, sabit və inkişaf etmiş cəmiyyət quruculuğunun vacib şərti olduğunu vurğulayıb.
Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Nahid Nağdıyev çıxışında bildirib ki, cəza müddətini başa vurmuş şəxs cəmiyyətə qayıtdıqdan sonra müxtəlif çətinliklərlə üzləşir. Onların ən vacib problemlərindən biri iş tapmaq və davamlı gəlir mənbəyi əldə etməkdir. Məşğulluğun təmin olunması həmin şəxslərin sosial rifahının yüksəldilməsinə, özünəinamının bərpasına və ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikasında bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən peşə hazırlığı kursları təşkil olunur, özünüməşğulluq proqramları həyata keçirilir, işaxtaran şəxslərə peşəyönümü xidmətlər göstərilir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin sədri Oqtayİbayev və sahibkarlar vurğulayıblar ki, həbsdən azad olunan şəxslərin məşğulluğunun təmin edilməsində təkcə dövlət qurumları deyil, həm də özəl sektorun və ictimai təşkilatların da fəal rolu olmalıdır. Bildirilib ki, işəgötürənlərin bu kateqoriyadan olan şəxslərə etimad göstərməsi, onların peşə potensialından istifadə etməsi cəmiyyətin ümumi inkişafına töhfə verir.
Sonda tədbirdə iştirak edən və həsbdən azad olunan işsız şəxslərin özünüməşğulluq proqramına cəlb olunmalarına və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialına müraciət etmələrinə müvafiq köməkliklər göstərilib.





