Lənkəranda çərpələng yarışları keçirilib
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində iyulun 23-də Lənkəran şəhəri Heydər Əliyev Xatirə Parkında Sanco çərpələng yarışı keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini, müşavir- Takeya Yukihiro və digər qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsində Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin ümumi maraqlar, qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında qurulduğunu və bunun xalqlarımızın mənafelərinə xidmət etdiyini, son 30 il ərzində ikitərəfli münasibətlərin bütün səviyyələrində mühüm irəliləyişlərə nail olduğunu, Yaponiya Səfirliyinin maliyyə dəstəyi lə Lənkəran rayonunda bir sıra layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdiyini bildirib. M.Cəfərzadə Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində cənab President Ilham Əliyevin xüsusi xidmətlərinin olduğunu qeyd edib. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini, müşavir Takeya Yukihiro tədbirin keçirilməsi üçün yaradılan şəraitə və göstərilən köməkliyə görə şəhər İcra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib və qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Daha sonra çərpələng yarışında hər birində 5 nəfər olmaqla 2 komanda iştirak edib, “Sanjo Kite Race” formatında keçirilən yarışda məqsəd rəqibin çərpələngini yerə düşürtməkdən ibarətdir. Yaponiyadan dəvət olunan 11 çərpələng ustası lənkəranlıların zövqünü oxşayan göstərişlər ediblər, sakinlərin çərpələng uçurtmaları üçün texniki məlumatlar veriblər, onların çərpələn uçurtmalarına köməklik göstəriblər.