Lənkəranda buğda və arpa biçininə başlanılıb
Respublikada taxıl biçininə hazırlıq işləri başa çatıb və biçinə start verilib. Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Qeyd edək ki, Lənkəran rayonunda cari ildə 758,2 hektar sahədə buğda, 70,6 hektar sahədə isə arpa əkini həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 255,1 hektar buğda, 31,9 hektar arpa daha çox əkilib. Hazırda Lənkəran rayonunda dənli bitkilərin biçininə də başlanılıb. İndiyədək 100 hektar sahədə buğda, 50 hektar sahədə arpa biçini həyata keçirilib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilir. Növbəliliyin yaradılmasına inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən dəstək göstərilir, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunmasını isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həyata keçirir.