Lənkəranda “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə bağlı ilk xeyriyyə sərgisi keçirilib
Dekabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” keçirilib. Lənkəran şəhər Heydər Əliyev Parkında baş tutan sərgidə Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Masallı və Lerik rayonlarından olan sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və əlilliyi olan şəxslərin (gənclər) əl işlərinin satış sərgisi təşkil edilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov xeyriyyə məqsədilə keçirilən sərgidə iştirak edib. İcra başçısı əl işləri sərgilənən şəxslərlə söhbət edib, onların ərsəyə gətirdiyi işlərlə yaxından tanış olub.
Qeyd edək ki, açıq havada baş tutan sərgiyə rayon ictimaiyyətinin marağı böyük olub və tədbir iştirakçıları xeyriyyə məqsədilə keçirilən sərgidə nümayiş etdirilən əl işlərini xatirə olaraq alıblar.