Lənkəranda “Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi” mövzusunda tədbir baş tutub
Martın 12-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə “Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Ülviyyə Əliyeva, bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində yaradılan “Gender komissiyaları”nın sədrləri və üzvləri iştirak ediblər. Ü.Əliyeva ölkədə gender siyasəti istiqamətində görülən işlər və qəbul edilən hüquqi aktlar barədə iştirakçıları məlumatlandırıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gender siyasəti onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl olaraq davam etdirilir.
ŞiH başçısının müavini Ü.Əliyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd "Gender (kişi və qadınların)bərabərliyinin təminatları haqqında" Qanununun 20-ci maddəsinin icrası ilə bağlı “Gender bərabərliyi komissiyaları”nın səmərəli işləməsi istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi və işlərin davam etdirilməsidir. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.