Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Avropa İttifaqının ənənəvi tədbiri olan “Avropa Şəhərciyi” keçirilib

10 iyun 2023 | 10:05

    İyunun 10-da səhər saatlarından başlayaraq Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada Avropa İttifaqının ənənəvi tədbiri - “Avropa şəhərciyi”keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, həmçinin İttifaqa daxil olan 12 ölkəsinin səfir və nümayəndələri iştirak ediblər.

  Tədbirin rəsmi hissəsi Dövlət Himninin, eləcə də Aİ-nin Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Lənkəran ŞİH başçısı çıxış edərək bildirib ki, ölkəmizin Aİ və üzv dövlətlərlə  münasibətləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində yüksələn xəttlə inkişaf edir. Onun sözlərinə görə, ölkəmiz hər zaman mədəniyyətlərarası dialoqun aparılmasına açıqdır və Lənkəranda keçirilən “Avropa şəhərciyi” də qarşılıqlı mədəniyyət və adət-ənənələrin təbliğinə xidmət edir.

  Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko İttifaqla Azərbaycan arasında güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Səfir qeyd edib ki, Aİ Azərbaycanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində, xüsusilə regionların inkişafında maraqlıdır. Onun sözlərinə görə, Aİ ölkə üzrə ilk regional inkişaf layihəsini “Avropa Lənkəran üçün” başlığı altında keçirir. Avropalı səfir təhsil sahəsində regionda tək universitet olan Lənkəran Dövlət Universiteti ilə qarşılıqlı tələbə və müəllim mübadiləsinin də yüksək səviyyədə həyata keçirildiyi qeyd edib.

  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirib ki,  Aİ-nə daxil olan dövlətlər Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadırlar və ölkəmiz Avropa üçün etibarlı tərəfdaşdır. Nazir müavini Avropa ölkələri ilə münasibətlərin inkişafında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədəkar əməyinin olduğunu ifadə edib.

  Tədbirin rəsmi hissəsinin sonunda “Avropa Şəhərciyi”ndə iştirak edən Aİ üzv dövlətlərinin səfir və nümayəndələri doğma dillərində lənkəranlıları salamlayıblar.

  Daha sonra  tədbir iştirakçıları parkda  quraşdırılmış çadırlarda xüsusi stendlər vasitəsi ilə Aİ-nın Azərbaycandakı mövcud fəaliyyətini nümayiş etdirən, eyni zamanda Aİ-na üzv dövlətlərin mədəniyyət və adət-ənənələrini təbliğ edən təqdimatlarla tanış olublar.

  Qeyd edək ki, eyni gündə Lənkəranda Azərbaycan Avtomobil Federasiyası (AAF)  tərəfindən Bakı-Lənkəran marşurutu üzrə təşkil olunan idman avtomobillərinin yürüşünün iştirakçıları da “Avropa Şəhərciyi”nə qatılaraq Aİ-na üzv dövlətlərin, eləcə də Lənkəranın  mədəniyyət və adət-ənənələrini təbliğ edən təqdimatlarla tanış olub.  Prezidentin köməkçisi və AAF-nın prezidenti Anar Ələkbərovun tədbirdə iştirakı ictimaiyyət nümayəndələri tərəfindən məmnuniyyətlə qarşılanıb.

  Tədbirin sonunda təşkil olunan konsert proqramında "Nənələr" folklor qrupu, Çinarə Məlikzadə və "Ahmedowsky trio" qrupu iştirak ediblər.

 İctimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə baş tutan “Avropa Şəhərciyi” Lənkəran sakinlərinin və şəhərimizin qonaqlarının ruhunu oxşayıb, hər bir iştirakçı xoş əhval-ruhiyyə və pozitiv enerji ilə tədbirdən ayrılıb.

 

 

 

Keçidlər