Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşma çərçivəsində salınan “Dostluq Parkı” açılıb

01 avqust 2023 | 15:01

  Avqustun 1-də Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranla ABŞ-ın Monterey şəhəri arasında qardaşlaşmış şəhərlər çərçivəsində salınmış “Dostluq Parkı”nın açılışı baş tutub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.

    Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub, münasibətlərimizin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifi ilə çıxış edən icra başçısı bunun iki şəhər və toplum arasındakı münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyini söyləyib. Taleh Qaraşov dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursunda şəhərlərin qardaşlaşmasına xüsusi önəm verildiyini bildirib. Onun sözlərinə görə, adət-ənənələrin, mədəni münasibətlərin, iqtisadi əlaqələrin, habelə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında şəhərlərin qardaşlaşmasının mühüm rolu var və sözügedən məsələ cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət göstərdikləri məsələlərdəndir.

    Ölkəmizin Los-Anceles baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini vurğulayıb. Ramin Qurbanov Vətən müharibəsində qazandığımız qələbədən sonra erməni diasporasının Montereydə daha fəallaşdığını ifadə edib və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin inkişafının daha da genişlənməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporasının fəaliyyətinə müsbət təsir göstərir. Baş konsul buna görə Lənkəran ŞİH başçısına və xanım Nensiyə xüsusi minnətdarlığını bildirib.

    Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfric tədbirdə iştirakdan və Lənkəranda olmaqdan məmnunluğunu dilə gətirib. Dostluq parkının salınmasından danışan həmsədr qeyd edib ki, son bir ildə ərazidə böyük quruculuq işləri həyata keçirilib və yaradılan şəraitdən məmnunluğunu bildirib. Lənkərana xüsusi sevgisini ifadə edən xanım Nensi şəhərlərimiz arasındakı əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. Xanım həmsədr qarşılıqlı əlaqələrin inkişafı və adət-ənənələrinin təbliği baxımından Montereydə də Lənkəran günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb.

    Qeyd edək ki, İstisu qəsəbəsində Yaşılçay FT-nın rəhbəri Araz Yağubova məxsus ümumi sahəsi 5 ha olan ərazidə  salınan Dostluq Parkı iki hissədən, göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə gənclərin istirahəti üçün katamaranlar yerləşdirilib, söhbətgahlar tikilib və yaşıllıqlar salınıb.  Lənkəran-Monterey Dostluq Asossiasiyasının həmsədri Nensi Selfrij tərəfindən hədiyyə olunan “Cırtdan” heykəli qurulub. (Azərbaycan folklorunun sevimli qəhramanlarından olan “Cırtdan” ABŞ-ın Kaliforniya ştatının Montrey şəhərində adına park olan oxşar qəhraman “Denis the Menace”-i salamlayır.) İkinci hissədə isə meyvə bağları, lavanda sahəsi və gənclərin istirahəti üçün düşərgələr qurmaq üçün sahə ayrılması nəzərdə tutulub.

      Sonda yeni salınan gölə tədbir iştirakçıları tərəfindən balıq buraxılıb.

 

Keçidlər