Lənkəranda abadlıq işləri davam etdirilir
Lənkəran rayonunun səliqə-səhmanı, abadlıq və quruculuğu Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) gündəlik fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzindədir. Bahar fəslinin gəlişi, havaların istiləşməsi ilə rayonda abadlıq-quruculuq, eləcə də səliqə-səhman işlərinə diqqət daha da artırılıb. Rayonun turizm potensialını nəzərə alaraq Lənkəran ŞİH-nin tabeliyindəki abadlıq və kommunal xidmət idarələri şəhər ərazisində iməclik, təmizlik işlərini davam etdirirlər. Sakinlərimizin daha rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərin Z.Əliyeva, T.Aslanov, M.Ağayev, T. Abdullayev, 20 Yanvar, Tağıyev, Füzuli, M.M.Axund, Koroğlu, Mir Mustafaxan, İ.Səmədzadə, F.Məmmədov və Ş.Axundov küçələrində səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, habelə suötürücü kanalların təmizlənməsi işləri davam etdirilir.
Sakinlərimizdən xahiş edirik, şəhərimizin səliqəli qalmasından ötrü daha diqqətli davransınlar, məişət tullantılarını şəhər ərazisində ayrılan xüsusi zibil qutularına atsınlar, ictimai təmizlik qaydalarına riayət etməyənləri, şəhərimizin təmizliyinə xələl gətirənləri bu addımlarından yayındırsınlar.