Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir

25 sentyabr 2026 | 09:55

  27 Sentyabr – Anım Günü ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, Lənkəran rayonunda silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir 24 sentyabr 2026-cı il tarixdə Mehman Bağırov adına Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

  Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülkər İsmayılova, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Lənkəran şəhəri üzrə təhsil sektorunun məsul əməkdaşı Cəmil Axundzadə, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.

  Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və  Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Anım Gününün əhəmiyyəti xüsusi vurğulanıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq qələbə barədə geniş məlumat verilib. Otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarımızın azad olunması, hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, soydaşlarımızın doğma yurdlarına qayıtması və Azərbaycanın beynəlxalq nüfuzunun artması diqqətə çatdırılıb.

  Bildirilib ki, rəşadətli ordumuzun əsgər və zabitlərinin şücaəti, Vətən üçün canından keçən şəhidlərimizin qanı bahasına qazanılmış bu Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 44 günlük Vətən müharibəsindən sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib və bu gün hər birimiz qalib xalqın vətəndaşı olmaqdan sonsuz qürur duyuruq.

  Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaların nümayişi ilə yekunlaşıb.

Keçidlər