Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 210 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb

03 may 2024 | 11:51

  Mayın 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2024-cü il barama mövsümü üçün kümçülərə ipəkqurdu sənaye toxumları paylanılıb. Dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət Lənkəran rayonunda da bu sektorun inkişafına müsbət təsirini göstərib. Belə ki, ötən il Lənkəranda respublika üzrə ən yüksək göstəricilərdən biri kimi 9895.6 kq yaş barama tədarük edilərək təhvil verilib. Cari mövsümdə də baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edilib.

  Qeyd edək ki, qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyəti var və bunu nəzərə alaraq, barama istehsalının dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

  Lənkəranda barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tamamlanıb, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri aparılıb, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə  məhsul  istehsalçıları maarifləndirici təlimlərə cəlb olunublar. Rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində 45 kümçüyə ümumilikdə 210 qutu ipəkqurdu sənaye toxumunun paylanılması təmin edilib.  

 

Keçidlər