Lənkəranda 2025-ci il barama mövsümü üçün kümçülərə 200 qutu ipəkqurdu toxumu paylanılıb
Qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyəti var. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Artıq baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri kimi inkişaf etməkdədir və ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur.
Mayın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2025-ci il barama mövsümü üçün kümçülərə ipəkqurdu sənaye toxumları paylanılıb. Qeyd edək ki, ötən il Lənkəranda respublika üzrə ən yüksək göstəricilərdən biri kimi 8008 kq yaş barama tədarük edilərək təhvil verilib.
Cari mövsümdə də baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülər müəyyənləşdirilib, tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına barama istehsalının artımına nail olunması üçün bütün hazırlıq işləri tamamlanıb, kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri aparılıb, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə məhsul istehsalçıları maarifləndirici təlimlərə cəlb olunublar.
1 şəhər, 7 qəsəbə və 33 kənddə 45 kümçüyə ümumilikdə 200 qutu ipəkqurdu sənaye toxumu paylanılıb.