Lənkəranda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Öncə 2023-cü ilin Heydər Əliyev İli elan edilməsilə bağlı videoçarx nümayiş olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında hadisələrin tarixi xronologiyası barədə danışıb. Bildirilib ki, SSRİ-nin o vaxtkı rəhbəri Mixayıl Qorbaçovun tapşırığı ilə yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı Bakıda insanlıq əleyhinə qırğınlar törədilib. Heydər Əliyev o zaman özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, törədilən qətliamları pisləyib, hadisələrə hüquqi qiymət verilməsini, habelə günahkarların cəzalanadırılmasını tələb edib: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. T.Qaraşovun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsini təmin edib. O, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti barədə danışaraq qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olub və bunun nəticəsində həqiqətlər üzə çıxıb. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
İcra başçısı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olduğunu və xalqımızın əsarətə qarşı hər zaman mübariz mövqedə olduğunu vurğulayıb. Natiq qeyd edib ki, xalqımızın ədalətsizliyə, müstəqilliyimizə qarşı olan bütün təhdidləri hər zaman dik və məğrur duruşu ilə dəf etdiyini bildirib. İcra başçısı qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması dövlət başçısının və Birinci vitse-prezidentin xüsusi nəzarətindədir. Azərbaycan xalqı və dövləti də var olduqca bu torpaq uğrunda qanını axıdan, düşünmədən canını fəda edən övladlarımızın xatirəsini əziz saxlayacaq.
20 Yanvar həqiqətlərinə siyasi-hüquqi qiymət verilməsi haqqında Ümimmilli Lider Heydər Əliyevin Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyindəki çıxışını əks etdirən video matrealdan bir hissə nümayiş etdirilib.
Daha sonra mövzu ətrafında Lənkəran Dövlət Universitetinin Tarix kafedrasının müdiri Kamal Mahmudov, əməkdar müəllim, İctimai şuranın üzvü Mənsur Ağayev, rayon ziyalısı Tofiq Heydərov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər. Bildirilib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi olub. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlayıb. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unudub. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməyiblər.
Məruzəçilər qeyd ediblər ki, faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb və “Qanlı Yanvar” hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.