Lənkəranda 2 küçədə asfaltlanma işlərinə başlanılıb
Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətdə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisindəki 15 küçədə əsaslı təmir və asfaltlanma işlərinin aparılması nəzərdə tutulub.
Yenidənqurma işləri çərçivəsində asfalt örtüyü döşənəcək küçələrin tam siyahısı müəyyənləşdirilib. Tədbilər Planına əsasən, Arif Bağırov, M.Maqomayev, Nizami, Ş.Xiyabanı döngə 4, Emil Qurbanov (bir hissəsi), Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Hənifə Abdullayev dalan 1, Kamil Kazımov döngə 1, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçələrində (bir hissəsi)təmir işləri həyata keçiriləcək.
Sentyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən 2 küçədə Ramin Rzayev və Barat Şükürov küçələrində aparılan təmir-tikinti işlərinin gedişatı ilə yaxından tanış olub. İcra başçısı işlərin keyfiyyətlə yerinə yetirilməsi və müəyyən olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Yerli sakinlər aparılan bərpa və quruculuq işlərini, habelə yol infrastrukturunun yenilənməsini məmnuniyyətlə qarşılayır, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.





