Lənkərana yağan leysan yağış və selin yaratdığı fəsadların nəticələri aradan qaldırılır
Fevralın 5-dən yağan yağışlar nəticəsində Lənkəran rayonunda bir sıra çaylar, o cümlədən Ləkərçayın sululuq səviyyəsi artıb, suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün ətraf ərazilərdə subasma halları meydana gəlib. Rayonun yaşayış məntəqələrində ümumilikdə 505 evin həyətini və 10-a yaxın təsərrüfatı su basıb, 3 ailə (22 nəfər) təxliyə olunub.
Lənkəran rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Lənkəran Şəhər-Rayon Polis İdarəsi və xidmət sahələrinin əməkdaşlarının birgə səyi nəticəsində subasmanın fəsadları aradan qaldırılıb, təxliyə olunmuş 3 ailə (22 nəfər) evlərinə qayıdıb, Şiləvar kənd qəbristanlığından suyun çəkilməsi prosesi yekunlaşıb.
Qeyd edək ki, hazırda rayon ərazisində bütün magistral, əsas və arayollarda subasmanın fəsadları aradan qaldırılıb, bir neçə fərdi yaşayış evin həyətində qrunt sularının çəkilməsi işləri aparılır ki, yaxın müddət ərzində prosesin yekunlaşması üçün rayonun aidiyyəti idarələri tam səfərbər olunub.