Lənkəran ŞİH-də “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nə həsr olunan aparat müşavirəsi keçirilib
Oktyabrın 9-da Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) növbəti aparat müşavirəsi keçirilib. “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrasına həsr olunmuş iclasda inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi” Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində hazırlanmış mühüm strateji sənəddir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən yerli idarəetmə orqanları üçün tərtib edilən bu proqramın əsas məqsədi dövlət idarəçiliyində səmərəliliyi artırmaq, şəffaflığı və operativliyi təmin etmək, eləcə də vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə qaldırmaqdır.
Taleh Qaraşov qeyd edib ki, Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Emin Quliyev məsul şəxs təyin olunub. Həmçinin müvafiq sahələr üzrə cavabdeh əməkdaşlar ayrılaraq aidiyyəti dövlət strukturları ilə koordinasiyalı şəkildə fəaliyyətə başlanılıb.
Yol Xəritəsinin əsas hədəfləri barədə məlumat verən icra başçısı bildirib ki, bura yerli icra hakimiyyəti orqanlarında daxili idarəetmə və qərar qəbulu proseslərinin müasir texnoloji tələblərə uyğunlaşdırılması, dövlət xidmətlərinin rəqəmsal mühitə keçirilməsi, kağız dövriyyəsinin minimuma endirilməsi və müraciətlərə baxılma müddətinin qısaldılması daxildir. Onun sözlərinə görə, bu isə öz növbəsində məsafələri qısaldaraq vətəndaşların xidmətlərə əlçatanlığını asanlaşdıracaq və idarəetmədə çevikliyi təmin edəcək.
Qarşıda duran əsas tapşırıqlardan bəhs edən Taleh Qaraşov vurğulayıb ki, dövlət informasiya ehtiyatlarında artıq mövcud olan hər hansı sənəd və ya məlumatın vətəndaşlardan təkrar tələb edilməsinin qarşısı tamamilə alınacaq. Başqa sözlə, layihədə "Yalnız bir dəfə" (Once-only) prinsipi tətbiq olunacaq və qurumlararası elektron məlumat mübadiləsi genişləndiriləcək.
Eyni zamanda, vətəndaş müraciətlərinin yenilənmiş “myGov” portalı üzərindən qəbulu və cavablandırılması mexanizmi qurulur. Bu xidmətlərin effektivliyini təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr sakinlər arasında geniş təşviqat apararaq, onların rəqəmsal sənədlərdən istifadəsini daha da stimullaşdırmalıdırlar.
Sonda qeyd olunub ki, əməkdaşların rəqəmsal bacarıqlarının, İKT savadlılığının və kiberməlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq təlimlər və maarifləndirmə tədbirləri keçiriləcək.





