Lənkəran ŞİH-də keçirilən növbəti aparat müşavirəsində RİH portalından istifadənin vəziyyəti müzakirə edilib
Gündəlikdə duran məsələlər barədə müşavirə iştirakçılarına məlumat verən Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonda Rəqəmsal İcra Hakimiyyəti (RİH) portalından istifadə edilməsinin vəziyyəti barədə görülən işlər və bu istiqamətdə qarşıda duran vəzifələr barədə danışıb. Taleh Qaraşov qeyd edib ki, RİH-dən istifadə müasir dövrün tələbi olmaqla yanaşı, yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, daha çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətlərinin yaxşılaşdırılmasının təmin olunması məqsədini daşıyır. Onun sözlərinə görə, portaldan istifadə həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə imkan yaradacaq. Taleh Qaraşov rayonda RİH portalından istifadə ilə bağlı mövcud olan nöqsanların aradan qaldırılmasına dair aidiyyəti şəxslərə ciddi tapşırıqlarını verib. İcra başçısı vətəndaşlar arasında sözügedən istiqamətdə maarifləndirmə işlərinin daha sürətli və məqsədyönlü aparılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Dövlət başçısının fərman və sərəncamlarının icra vəziyyəti barədə məsələyə toxunan Taleh Qaraşov
bu istiqamətdə görülən işləri müsbət dəyərləndirib. Lənkəran ŞİH başçısı sözügedən məsələnin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini xüsusi olaraq qeyd edib. Bildirilib ki, müxtəlif sahələr üzrə dövlət proqramlarının həyata keçirilməsi istiqamətində bütün imkanlar səfərbər edilməli, nəzərdə tutulan tədbirlər zamanında və ən yüksək səviyyədə təşkil və icra olunmalıdır.
Müşavirədə rayon üzrə inzibati ərazi vahidlərində ev təsərrüfatı uçot kitablarının elektron sistemə işlənilməsi vəziyyəti qənaətbəxş hesab edilib. Eyni zamanda, konkret meyarlar üzrə nəticələrin daha da yaxşılaşdırılmasına dair təkliflər irəli sürülüb.
Cari ildə barama tədarükünə hazırlıqla bağlı məsələyə toxunan Taleh Qaraşov səlahiyyətli şəxslərə mövcud yem ehtiyatlarının real həcminin müəyyənləşdirilməsini, habelə kümçülərin bu sahəyə maraqlarının artırılmasına dair mövcud imkanların nəzərdən keçirilməsini tapşırıb.
Daha sonra Taleh Qaraşov yaz mövsümünün gəlişi ilə əlaqədar yerlərdə abadlıq-quruculuq işləri, yaşıllıqların salınması və bərpası ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı fikirlərini bildirib, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.