Lənkəran ŞİH başçısı Zövlə kəndinin sakinləri ilə səyyar görüş-qəbul keçirib
Noyabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Zövlə kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Tədbirdə ŞİH aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
İcra başçısı səyyar görüşlərin vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir.
Görüşdə rayonun iqtisadi potensialının artırılması kontekstində kənd təsərrüfatının inkişafı məsələlərinə xüsusi toxunulub. Cari ildə aqrar sektorda məhsuldarlığın artırılması, subsidiyaların verilməsinin sadələşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
İcra başçısı həmçinin, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə innovativ alətlərin tətbiqi barədə yerli sakinləri məlumatlandırıb. Bildirilib ki, yerli idarəetmədə şəffaflığı artırmaq və bürokratik əngəlləri aradan qaldırmaq məqsədilə qəbul edilmiş yerli icra hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol xəritəsi uğurla icra olunmaqdadır. Bu çərçivədə, sakinlərin dövlət qurumları ilə birbaşa və səmərəli təmas qurması üçün yenilənmiş "mygov" platformasının imkanlarından geniş istifadə edildiyi vurğulanıb. Bildirilib ki, vətəndaşlar artıq bir çox arayış və müraciətlərini icra hakimiyyətinə gəlmədən, rəqəmsal sistem üzərindən qısa zamanda reallaşdıra bilirlər.
Səyyar qəbulda Zövlə sakinləri tərəfindən qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımların atılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi aidiyyəti şöbə və qurumlar tərəfindən nəzarətə götürülüb.
Zövlə kəndinin sakinləri səyyar görüş-qəbulda fikir və istəklərini sərbəst söyləyə bildikləri, qaldırdıqları məsələlərə operativ baxıldığı, nəticəyə yönəlik addımların atıldığı və ümumilikdə vətəndaş müraciətlərinə həssas yanaşıldığı, elektron müraciət sisteminin daha təkmil və əlçatan olduğu üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





