Lənkəran şəhərinin kanalizasiya sistemi yenilənəcək
Lənkəran rayonun ən böyük problemlərindən sayılan və kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya sisteminin yenilənməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində addımlar atılmaqdadır. Artıq “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə dəyəri 50 milyon manat olan tender elan edilib. Layihəyə asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, istənilən növ qruntun qazılması, yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi daxildir.
Qeyd edək ki, 20 min əhalinin tələbatı üçün nəzərdə tutulan Lənkəran şəhərinin kanalizasiya sistemi keçən əsrin 50-60-cı illərində istifadəyə verilib. Ötən müddət ərzində şəhər və şəhərətrafı kəndlərin əhalisinin sayı 3 dəfədən çox artdığından, həmçinin mövcud kanalizasiya sistemi köhnəldiyindən hazırki tələbata cavab vermir.
Kanalizasiya sisteminin qurulması və yenilənməsi, şəhərin və ətraf ərazilərin inkişafı, habelə əhalinin həyat şəraitinin yaxşılaşması, ətraf mühitin qorunması və ümumiyyətlə, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün mühüm addımlardan biridir.
Şəhərdə kanalizasiya sisteminin yenidən qurulması işləri ilə bağlı elan olunan tender bütün lənkəranlıların sevincinə səbəb olub, şəhər İcra hakimiyyətinə ünvanlanan çoxsaylı müraciətlərdə hər biri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər.