Lənkəran şəhər sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qalıblar
Oktyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Taleh Qaraşov ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə şəhər sakinlərinə məlumat verib. İcra başçısı səyyar görüş-qəbulların keçirilməsinin önəmindən danışıb və bildirib ki, bu görüşlər yerli sakinləri birbaşa dinləməyə, onları narahat edən məsələləri ilk mənbədən öyrənməyə imkan verir.
Taleh Qaraşov Lənkəran rayonunun ən böyük iki probleminin olduğunu qeyd edib. Onun sözlərinə görə, şəhər ərazisində yeni kanalizasiya sisteminin inşası və rayonda utlizasiya zavodunun tikintisinin həyata keçirilməsi hər zaman Lənkəran ŞİH-nin diqqət mərkəzindədir və bununla bağlı yerli icra hakimiyyəti səlahiyyətləri çərçivəsində bütün mümkün addımları atmağa davam edir: “Yeni utilizasiya zavodunun tikintisi ilə bağlı çexiyalı investorlarla bir neçə görüş keçirilib, hazırda bizim səyyar qəbul keçirildiyi vaxtda investorlarla icra hakimiyyətinin nümayəndələri arasında online formatda görüşlər aparılır və bu ayın sonunda xarici investorların ölkəmizə növbəti səfəri çərçivəsində mərkəzi icra hakimiyyəti orqanları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Başqa sözlə, bu məsələnin həlli üçün bütün mümkün imkanlar səfərbər edilib və yaxın vaxtlarda müsbət nəticələr əldə olunacağını gözləyirik”.
İcra başçısı qeyd edib ki, cari ildə şəhər ərazisində 11 küçə asfaltlanıb və yaxın günlərdə daha 10 küçənin asfaltlanmasına başlanılacaq, bununla bağlı elan olunan tenderin qalibləri artıq müəyyənləşib.
Taleh Qaraşov çıxışında rayonun payız-qış mövsümünə hazırlığı ilə bağlı məsələyə də toxunub. Bildirilib ki, bütün xidmət sahələri qış aylarında əhalinin problemlə qarşılaşmamasından ötrü imkanlarını səfərbər ediblər və koordinasiyalı şəkildə fəaliyyətlərini qrafikə uyğun olaraq davam etdirirlər.
Daha sonra icra başçısı şəhər əhalisini narahat edən ümumi və şəxsi problemlərini dinləyib və onların həlli ilə bağlı müvafiq göstərişlərini verib.
Şəhər əhalisi də öz növbəsində mövcud problemlərin həlli istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Cənab Prezident İlham Əliyevin bu ilin əvvəlində rayonumuza olan səfərinin lənkəranlılara verilən yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıblar.
Lənkəranın 2024-cü il ölkəmizdə “Gənclər Paytaxtı” və Türk Dünyasının “Gənclər Paytaxtı” olmasına görə isə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.